“Naxçıvan Bank”ın lisenziyası ləğv edildi - Aktivləri bu BOKT-a keçdi

11:03 - 25.07.2024


25 iyul, Fineko/abc.az. Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə “Naxçıvan Bank” ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış “E-Kredit” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

ABC.AZ xəbər verir ki, bu barədə Mərkəzi Bankdan bildirilib.

Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən “Naxçıvanbank” ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olmuş, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib.

Beləliklə, “Naxçıvanbank” ASC-nin BOKT-a çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlmişdir və Qaydalar əsasında həyata keçirilmişdir.

Bununla bağlı 22 may 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən Qaydalarla nəzərdə tutulmuş formada “Naxçıvanbank” ASC-yə qabaqcadan razılıq verilib.

Yenidən təşkil prosesi çərçivəsində “Naxçıvanbank” ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılmış, bankın kreditorlarının məlumatlandırılması təmin edilib.

Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş, digər kreditorlar qarşısında olan öhdəliklər isə “Naxçıvanbank” ASC tərəfindən icra edilib.

Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə “Naxçıvanbank” ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan “E-Kredit Bank Olmayan Kredit Təşkilatı” MMC-yə keçib.