Türkiyə FATF-ın boz siyahısından çıxarıla bilər

10:21 - 25.06.2024


25 iyun, Fineko/abc.az. Çirkli pulların yuyulmasına qarşı maliyyə tədbirlərinin hazırlanması qrupu (FATF) yaxın vaxtlarda Türkiyəni təşkilatın boz siyahısından çıxara bilər.

ABC.AZ xəbər verir ki, Türkiyə Maliyyə Nazirliyinin rəhbəri Mehmet Şimşek, təşkilatın Türkiyə ilə bağlı məruzəsinin müzakirə ediləcəyi 26-28 iyun tarixlərində Sinqapurda FATF iclasında iştirak edəcək. FATF rəhbəri Raca Kumar fevral ayında Türkiyənin boz siyahıdan çıxarılması ilə bağlı son qərarın yerində yoxlama tələb edəcəyini bildirmişdi. 2019-cu ildə aparılan auditin nəticələrinə görə FATF, Türkiyənin çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi ilə mübarizə tədbirlərində əhəmiyyətli çatışmazlıqlar aşkar etmişdi, bununla əlaqədar çatışmazlıqları düzəltmək üçün vaxt verməyə qərar verilmişdi. 2021-ci ildə təşkilat yenidən yoxlama aparmışdı, lakin beynəlxalq maliyyə sisteminin bütövlüyünə təhlükə yarada biləcək çatışmazlıqları yenidən aşkar etmişdi. Həmin vaxt, FATF Türkiyəni təşkilatın gücləndirilmiş monitorinqini əhatə edən boz siyahıya əlavə etmişdi.

FATF 1989-cu ildə yaradılıb və cinayət gəlirlərinin yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində dünya standartlarının hazırlanması ilə məşğul olan, həmçinin milli sistemlərin bu standartlara uyğunluğunu qiymətləndirən hökumətlərarası təşkilatdır. Türkiyə 1991-ci ildə təşkilata qoşulub.