2025-ci illərdə illik inflyasiya bu qədər olacaq - Proqnoz

11:13 - 1.05.2024


1 may, Fineko/abc.az. Ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır.

Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı gözlənilir (aprel proqnozu: 2024-cü ilə 3.5% və 2025-ci ilə 4.2%).

ABC.AZ xəbər verir ki, bunu ənənəvi olaraq keçirilən mətbuat konfransında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

O qeyd edib ki, apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib.

"Pul siyasəti ilə bağlı növbəti qərarlar faktiki inflyasiyanın proqnozla müqayisəsindən, xarici və daxili mənşəli risk amillərinin dinamikasından asılı olacaqdır. İnflyasiya amillərinin tarazlıq səviyyəsi, inflyasiyanın cari dinamikası və pul siyasətindən kənar amillərin monetar şəraitə və məcmu tələbə təsiri faiz dəhlizi parametrlərinin yaxın perspektivdə dəyişməz saxlanılması ehtimalını yüksəldir. Qarşıdakı dövrdə də makroiqtisadi göstəricilərin hərtərəfli təhlili davam etdiriləcək, ölkədə qiymət sabitliyini təmin etmək üçün bütün mövcud vasitələrdən istifadə ediləcəkdir", - deyə T.Kazımov bəyan edib.

Müəllif: Elmir Murad