Mənfəəti bir ildə iki dəfə artan Bank - Hesabat

17:03 - 9.01.2024


9 yanvar, Fineko/abc.az. İran Milli Bankının Bakı filialı 2023-cü ili 3 milyon 871 min manat mənfəətlə başa vurub. Filial ötən ilin eyni dövründə 1 milyon 867 min manat mənfəət edib ki, bu da illik müqayisədə 2 dəfə artım deməkdir.

ABC.AZ xəbər verir ki, bu barədə bankın maliyyə hesabatında qeyd edilib. 

2022-ci ildə “Bank Melli İran” Bakı filialının xalis faiz gəlirləri 3 milyon 58 min manat ikən, ötən il 3 milyon 195 min manat təşkil edib.

Bu ilin yanvar ayının 1-nə İran bankının aktivləri 121 milyon 764 min manat olub ki, bu da əvvəlki ilin sonuna nisbətən 26% çoxdur. Bunun 4 milyon 78 min manatı müştərilərə verilmiş kreditlərdir. Son 1 ildə Bakı filialının kredit portfeli 57% kiçilib.

“Bank Melli İran” Bakı filialında müştəri hesablarındakı vəsaitlər 8 milyon 904 min manatdan 44 milyon 27 min manata çatıb.