Dünyanın ən böyük Fondu 34 milyard dollar itirdi

12:32 - 25.10.2023


25 oktyabr, Fineko/abc.az. Dünyanın ən böyük suveren sərvət fondu olan Norveç Dövlət Pensiya Fondu üçüncü rüb üçün hesabat verib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Fondun hesabatından görünür ki, sözügedən dövrdə itkilər 374 milyard Norveç kronu (34 milyard dollar) təşkil edib. Fond bunu yüksək faiz dərəcələri və qlobal iqtisadiyyatın vəziyyəti ilə izah edib.

Norveç Bankının rəhbərinin müavini Trunn Qranden bildirib ki, birja üçün bu rüb əvvəlki iki ilə müqayisədə zəif olub. Bu səbəbdən şirkətlər özlərini daha yüksək dərəcələrlə yenidən maliyyələşdirməli olacaqlar. 

Hazırda fondun vəsaitləri 70 ölkədə təxminən 9200 şirkətə yatırılır. Fondun bazar dəyəri 1.3 trilyon dollardır və səhm investisiyaları onun dəyərinin 70.6%-ni və ya 940 milyard dolları təşkil edir. Norveç fondunun investisiya gəlirləri 2.1% azalıb.