Türk dövlətləri ümumi aqrar sığorta sistemi qura bilər

10:01 - 4.10.2023


4 oktyabr, Fineko/abc.az. Türk dövlətləri arasında ümumi aqrar sığorta sisteminin qurulması məsələsi müzakirə edilir.

Kənd Təsərrüfatı Nazirliyindən ABC.AZ-a verilən məlumata görə, bu barədə Türkiyənin Kənd Təsərrüfatı Sığortası Hovuzu (TARSİM) təşkilatının İdarə Heyətinin sədri Osman Yıldız Azərbaycan Aqrar Sığorta Fondunun (ASF) İdarə Heyətinin sədri Fuad Sadıqovla keçirilən görüşdə deyib.

Onun sözlərinə görə, artıq digər ölkələrdə aqrar sığorta mexanizminin tətbiqində Azərbaycan təcrübəsindən istifadə etmək mümkün olacaq.

2022-ci ildə ASF tərəfindən 2,4 milyon manat sığorta ödənişinin həyata keçirildiyini xatırladan Fond sədri 2023-cü ildə baş verən sığorta hadisələrinin sayının kəskin artdığını və buna uyğun olaraq sığorta ödənişlərinin məbləğinin yüksələcəyini bildirib.