Valyuta rejimini tənzimləyən qaydalar təkmilləşdirilib

12:01 - 10.08.2023


10 avqust, Fineko/abc.az.  Mərkəzi Bankın İdarə Heyəti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nda dəyişikliklər edib.

Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, dəyişikliklər avqustun 9-da qüvvəyə minib. 

Dəyişikliklərə əsasən fiziki şəxslərin şəxsi məqsədlər üçün ölkə xaricinə köçürdükləri məbləğlər üzrə gündəlik limitlər ləğv edilib, köçürmə formasından asılı olmayaraq 20 min ABŞ dolları məbləğində aylıq limit müəyyən edilib, həmçinin fiziki şəxslərin təkcə özünün deyil, digər şəxslərin də xaricə səfərləri ilə bağlı nəqliyyat və otel xərclərini ödəmək imkanı nəzərdə tutulub.

Eyni zamanda idxal olunan mallar üzrə köçürmələr zamanı sənədləşmə prosesi sadələşdirilmiş, ticarət vasitəçiliyi əməliyyatlarında isə vasitəçi tərəfindən əvvəlcədən köçürmə qaydasında satıcıya 180 günədək avans ödənişinin həyata keçirilməsi imkanı müəyyənləşdirilib. Bu zaman vasitəçi müvəkkil banka ödənişi təmin edən geri götürülməyən akkreditiv və ya bank qarantiyası təqdim etməlidir.

Bununla yanaşı, Azərbaycan Respublikasının ərazisində emissiya olunmuş ödəniş kartları vasitəsilə rezident fiziki şəxslər ölkə hüdudlarından kənarda ay ərzində 10 min ABŞ dolları məbləğində pul vəsaitinin nağdlaşdırılması müəyyən edilib.