Problemli kreditlər və bank sektorundakı vəziyyət müzakirə olunub

11:02 - 6.05.2022


6 may, Fineko/abc.az. Dövlət Vergi Xidmətinin (DVX) rəisi Orxan Nəzərli Azərbaycan Banklar Assosiasiyasının (ABA) üzvləri ilə görüşüb.

ABC.AZ-ın məlumatına görə, görüşdə ABA və DVX rəhbərliyi, həmçinin ölkənin aparıcı banklarının nümayəndələri iştirak ediblər.

DVX rəisi bildirib ki, görüşün əsas məqsədi bank sektorunda qarşıya çıxan praktiki məsələlərin daha ətraflı müzakirəsi, vergi qanunvericiliyi və inzibatçılığının formalaşdırılması istiqamətində birgə əməkdaşlıq etməkdir.

Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev bank sektorunun təmsilçiləri ilə görüş üçün təşəkkürünü bildirib, qaldırılan bir çox məsələlərin təkcə bank sektoruna deyil, ümumilikdə “kölgə iqtisadiyyatı” İlə mübarizə kontekstində vergi ödəyicilərinin fəaliyyəti ilə bilavasitə bağlı olduğunu qeyd edib.

Görüşdə bank sektoru qarşısında duran bir sıra məsələlər, o cümlədən problemli kreditlər üzrə bankların balansına keçən əmlak və torpaq sahələrinin vergiyə cəlb olunması, DVX və banklar arasında hesabların açılması üzrə məlumat mübadiləsinin sadələşdirilməsi, borclu vergi ödəyicilərinin bank hesablarına sərəncamların tətbiqi, vergi qanunvericiliyində bank sektoru üçün sanksiyalar, mikrosahibkarların kreditləşdirilməsi prosesi, beynəlxalq vergitutma, ikiqat vergitutmanın aradan qaldırılması zamanı tətbiq olunan prosedurlar və s. məqamlar müzakirə edilib.