“PASHA Bank Georgia” bu ilin birinci rübünü zərərlə işləyib - Hesabat

11:43 - 4.05.2022


4 may, Fineko/abc.az. “PAŞA Bank”ın Gürcüstandakı törəməsi “PASHA Bank Georgia” 2022-ci ilin I rübünü zərərlə tamamlayıb.

ABC.AZ-ın məlumatına görə, zərərlə bağlı məlumat Bankın maliyyə hesabatında öz əksini tapıb.

Hesabata əsasən, bu ilin yanvar-mart aylarında “PASHA Bank Georgia”nın faiz gəlirləri 9,053 milyon lari (ötən ilin eyni dövrünə nisbətən 14,7% çox ), faiz xərcləri 3,972 milyon lari (13,2% çox), xalis faiz gəlirləri isə 5,080 milyon lari (15,9% çox) təşkil edib. Bankın qeyri-faiz gəlirləri 1,546 milyon lariyə (17,1% çox) qeyri-faiz xərcləri 7,500 milyon lariyə (4,7%), xalis qeyri-faiz zərəri 5,954 milyon lariyə (2% çox) bərabər olub.

Bankın ehtiyatlardan əvvəlki xalis zərəri 873 min lari (40,2% az) olub. “PASHA Bank Georgia” bu ilin birinci rübünü 1,361 milyon lari xalis zərərlə başa vurub.

Bu isə ötən ilin eyni dövrünə nisbətən 6,2% çoxdur. Belə ki, 2021-ci ilin I rübündə bankın xalis zərəri 1,281 milyon lari təşkil etmişdi.