Rusiya Mərkəzi Bankı kapitala nəzarəti yumşaldacaq

14:20 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Rusiya Mərkəzi Bankının rəhbərliyi kapitala nəzarətin mərhələli şəkildə yumşaldılacağını bəyan edib.

ABC.AZ-ın məlumatına görə, Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina Dumadakı çıxışında 2021-ci ildə pul siyasətinin sərtləşdirilməsi və valyuta ehtiyatlarının şaxələndirilməsinin iqtisadiyyatın sanksiyalara davamlı olması üçün təsirli olduğunu bildirib.

O qeyd edib ki, kapitala nəzarəti mərhələli şəkildə yumşaltmaqla ixracatçıların xarici valyuta satma öhdəliyini yüngülləşdirə bilərik.

"İlin ikinci və üçüncü rübləri Moskvaya qarşı beynəlxalq sanksiyalara görə iqtisadiyyatda struktur transformasiyası dövrü olacaq. İnflyasiyanın sürətlə hədəfə endirilməsinə çalışmayacağıq", - deyə Nabiullina bildirib.

Qeyd edək ki, ölkənin Ukraynaya müdaxiləsindəm sonra Rusiya Mərkəzi Bankı siyasət faizini fevralın sonunda 9,5 faizdən 20 faizə, aprelin 8-də isə faiz dərəcəsini 300 baza bəndi azaldıb 17 faizə endirib.

Müəllif: Elmir Murad