3 dekabr, Fineko/abc.az. Maliyyə dünyasının nüfuzlu nəşrlərindən olan “The Banker” jurnalı ABB-ni ölkə üzrə
“İlin bankı” elan edib. Jurnalın bununla bağlı yaydığı açıqlamada ABB-nin belə yüksək
mükafata layiq görülməsi Bankın pandemiya dövründə sürətlə dəyişən biznes mühitinə çevik
uyğunlaşa bilməsi və sağlam maliyyə vəziyyəti ilə izah olunur. Qeyd edilir ki, COVİD-19
pandemiyası və aşağı neft qiymətləri Azərbaycan iqtisadiyyatına ziyanlı təsirlər yaratsa da,
dövlətin iqtisadiyyata effektiv dəstək tədbirləri bu təsirləri minimallaşdırıb. Son iki ildə də
ölkənin iqtisadi inkişafı təmin edilib.
“İlin bankı” mükafatını qazanmış ABB isə iqtisadiyyatın bərpası prosesində adekvat
mövqe tutub. Dəyişən vəziyyətdə düzgün davranaraq gəlirliliyini qoruya bilib və kapital
mövqeyini gücləndirib.
Bank eyni zamanda cəmiyyətin inkişafını dəstəkləyən maraqlı sosial layihələrini davam
etdirib. “The Banker” jurnalının açıqlamasında ABB-nin 2019-cu ilin sonunda yaratdığı ABB
Tech Akademiyasının fəaliyyətinə xüsusi diqqət yönəlib. Qeyd edilib ki, indiyə qədər
informasiya texnologiyaları sahəsində 300-dən çox peşəkar mütəxəssisin yetişdiyi bu
akademiyanın fəaliyyəti ölkənin əmək bazarına böyük töhfə verir.
Jurnal ABB-nin Mərkəzi Bank, Azərbaycan Dəmir Yolları və Visa beynəlxalq ödəniş
təşkilatı ilə birgə ilk dəfə ölkəmizin dəmiryolu şəbəkəsində təmassız gediş haqqı imkanını
təqdim etməsini də xatırladıb. Bunun Azərbaycanda nağdsız ödəniş ənənələrinin
genişlənməsi, xüsusilə nəqliyyat sektorunda təmassız ödənişlərin inkişafı baxımından mühüm
addım olduğu bildirilib. ABB-nin müştərilərə beynəlxalq standartlara uyğun yeni əməliyyat
imkanları yaradan Swift gpi sistemini öz rəqəmsal kanallarında Azərbaycanda təqdim etmiş
ilk maliyyə qurumu olması da “The Banker”in açıqlamasında xüsusi vurğulanıb.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “İlin bankı” mükafatına layiq
görülməyimiz ABB-nin 30 illiyi ərəfəsində müştərilərimizə, tərəfdaşlarımıza xoş bir
xəbərdir. Bu, ABB-nin nailiyyətlərinə verilmiş obyektiv qiymətdir. Həyata keçirdiyimiz
strateji inkişaf layihələrinə beynəlxalq maliyyə dairələrində də maraq göstərilir və
nəticələrimiz yüksək dəyərləndirilir”.
2021-ci il üzrə “İlin bankı” adına layiq görülmüş banklarla buradan tanış olmaq
mümkündür.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın
filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli
Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar