Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara 17,4 mln. manatlıq vergi və gömrük güzəşti tətbiq olunub

12:41 - 25.08.2026


25 avqust, Fineko/abc.az. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində istehsal fəaliyyəti göstərən müəssisələr (sənaye parkları daxil olmaqla) idxal olunan texnika, avadanlıq və xammala görə indiyədək 17,4 milyon manat dəyərində vergi və gömrük rüsumlarından azadolma əldə ediblər.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydiyyatda olan hüquqi və fiziki şəxslər 2033-cü il yanvarın 1-dək istehsal məqsədli texnika, texnoloji avadanlıq, habelə xammal və materialların idxalı zamanı ƏDV və gömrük rüsumlarından azaddırlar.

Tətbiq edilən dəstək mexanizmləri çərçivəsində bölgədə tekstil, tikinti materialları, elektrik avadanlıqları və nəqliyyat vasitələrinin istehsalı həyata keçirilir. Güzəştlərdən yararlanmaq üçün müraciətlər nazirlik tərəfindən fiziki və elektron formada qəbul olunur, idxalına güzəşt şamil edilən malların siyahısı isə Nazirlər Kabinetinin 5 avqust 2023-cü il tarixli qərarı ilə tənzimlənir.