14:53 - 28.01.2026
28 yanvar, Fineko/abc.az. Bakıda taksilərin xüsusi hərəkət zolaqlarından istifadəsinə icazə verilməsi hazırda məqsədəuyğun hesab edilmir.
ABC.AZ xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilmiş dəyirmi masada bildirib.
Onun sözlərinə görə, paytaxtda taksilərin sayı 25 mindən çoxdur və faktiki göstərici bundan da yüksəkdir: "Bu qədər nəqliyyat vasitəsinin xüsusi zolaqlara daxil olması həmin zolaqların əsas funksiyasını zəiflədə bilər. Taksilər zolağa daxil olduqdan sonra yolboyu dayanaraq sərnişin götürəcək və düşürəcək. Bu isə xüsusi zolaqların maneəsiz hərəkət prinsipi ilə ziddiyyət təşkil edir və onların effektivliyini azalda bilər".
R.Hümmətov əlavə edib ki, hazırda əsas məqsəd mövcud zolaqların ictimai nəqliyyat üçün sürətli və fasiləsiz hərəkətini təmin etməkdir: "Buna görə də bu məsələ hazırkı mərhələdə müzakirə edilmir".