Sənaye zonalarında hazırda 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyatdan keçib

17:32 - 30.07.2025


30 iyul, Fineko/abc.az. Sənaye zonalarında sahibkarlar üçün yaradılan investisiya imkanlarından yerli və xarici sahibkarların bərabər şəkildə faydalandıqlarını qeyd edib.

ABC.AZ xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) mətbuat katibi Elçin Kazımov bildirib.

O qeyd edib ki, İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında hazırda 15-dən çox xarici kapitallı şirkət rezident kimi qeydiyyatdan keçib. "İsveçrə, BƏƏ, Tailand, Çin, Pakistan, Türkiyə, Bolqarıstan, Litva, Özbəkistan, Rusiya, İran və s. ölkələrdən olan şirkətlər tərəfindən sənaye zonalarında tikinti kimyəvi vasitələrinin, keramik plitələrin, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının, kalium sulfatın (gübrə), elektrik avtomat və sayğaclarının, dəri və dəri məmulatlarının, tava və qazan məhsullarının, bioloji aktiv qida əlavələrinin və dərman vasitələrinin, avtomobil və s. məhsulların istehsalı sahələri üzrə ixtisaslaşıblar.

Hələ ki yeni güzəştlərin yaradılması istiqamətinə konkret bir məsələ müəyyən edilməyib. Amma yeni güzəştlər yaranarsa, bundan yerli sahibkarlarla yanaşı, xarici sahibkarlar da bərabər şəkildə faydalana biləcəklər”.

Yaxın vaxtlarda Naxçıvan Sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq

E. Kazımov yeni yaradılmış Naxçıvan Sənaye Parkı üzrə görüləcək işləri də sadalayıb: “Dövlət başçısının 2024-cü il 5 dekabr tarixli Fərmanı ilə Naxçıvanda 310 hektar ərazidə Sənaye Parkı yaradılıb. İlkin mərhələdə Sənaye Parkının prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Belə ki, Sənaye Parkında qida, kimya sənayesi, tullantıların, qara və əlvan metal emalı, tikinti materiallarının, maşın və avadanlıqların, bərpa olunan enerji, mebel, toxuculuq, geyim-gön-dəri və qablaşdırma məhsullarının, kağız və kağız məmulatlarının istehsalı nəzərdə tutulur. Yaxın vaxtlarda sənaye Parkında infrastruktur işlərinin görülməsinə başlanılacaq. Həmçinin sahibkarların müraciətlərinin qəbulu həyata keçiriləcək. Naxçıvan Sənaye Parkının fəaliyyətə başlaması bu bölgədə yaşayan əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, məhsul çeşidlərimizin sayının artmasına, regionda iqtisadi inkişafın sürətlənməsinə, ən əsası isə xammal ehtiyatlarından səmərəli istifadə etməyə imkan verəcək”. (Trend)