"Azintelekom" tenderlərini ancaq "İnnovativ Layihələr Mərkəzi QSC"yə verir?

11:12 - 21.07.2025


21 iyul, Fineko/abc.az. Azərbaycandakı açıq mənbələrə əsasən, Azintelekom şirkətinin tenderlərinin qalibi ən çox İnnovativ Layihələr Mərkəzi QSC olub.

ABC.AZ-ın araşdırmasına görə, son 1 ildə Azintelekom tərəfindən keçirilən 6 tenderin qalibi məhz bu şirkətdir.

Bu tenderlərin ümumi dəyəri isə təxminən 3 milyon 96 min manat təşkil edir.

Məlumata görə, bu şirkət yalnız "Azintelekom"un tenderlərində qalib gəlib, digər qurumlarda isə iştirak etməyib, bu da müəyyən şübhələr doğurur. "Azintelekom"un tenderlərində ən çox qalib gələn ikinci şirkət isə "Bestcomp Group QSC"dir.

Belə ki, 2024-cü ildə "Azintelekom" 32 tender keçirib. Onların ümumi dəyəri təxminən 35,9 milyon manat təşkil edib.

"Bestcomp Group QSC" bu tenderlərdən üçündə qalib olub və onların dəyəri 13,48 milyon manat təşkil edib. Bu da 2024-cü ilin tenderlərinin 37.5%-i deməkdir.

Həmçinin bir tenderdə Hökumət Buludu layihəsi çərçivəsində avadanlıq satışı üçün 12,36 milyon manat məbləğdə müqavilə bağlanıb.

"Azintelekom"un tenderlərində ən çox qalib gələn üçüncü şirkət "SMTS MMC"dir.

Şirkət 2024-cü ildə bir tender üzrə qalib olub, müqavilə dəyəri isə 6,35 milyon manat civarındadır (ümumi xərclərin təqribən 17–18%-i).

Müəllif: Elmir Murad