Bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq

12:13 - 1.05.2025


1 may, Fineko/abc.az. Bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisə fəaliyyətə başlayacaq.

ABC.AZ xəbər verir ki, bunu Sumqayıt Kimya Sənaye Parkına təşkil olunan mediatur çərçivəsində İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) sədrinin müavini Emil Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin fəaliyyətə başlaması planlaşdırılır:

“Məlum olduğu kimi, aprelin 30-da dövlət başçısının iştirakı ilə Sumqayıt Kimya Sənaye Parkında iki müəssisənin açılış mərasimi keçirildi. Belə ki, tikinti kimyəvilərin və “IVECO” markalı yüngül, orta və ağır tonnajlı yük və xüsusi təyinatlı avtomobillərin istehsalı müəssisələri fəaliyyətə başladı.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılması ilə ölkəmizin sənaye zonalarında fəaliyyət göstərən müəssisələrin sayı 88-ə, Sumqayıt Kimya Sənaye Parkında fəaliyyət göstərən müəssisələrin sayı 26-ya çatdıb.

Yeni müəssisələrin fəaliyyətə başlaması ölkədə qeyri-neft sektorunun inkişafına təkan verəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın diversifikasiyasını sürətləndirəcək, əhalinin məşğulluğunun artırılmasına mühüm töhfə verəcək".

O, qeyd olunan müəssisələrin məhsullarının müxtəlif ölkələrə ixrac ediləcəyini bildirib:

"Fəaliyyətə başlayan bu iki müəssisənin ümumilikdə investisiya kapitalı 44 milyon manatdan çoxdur, ilk mərhələ üzrə artıq bu müəssisələr tərəfindən 200 nəfərə yaxın daimi iş yeri yaradılıb, növbəti mərhələdə isə əlavə olaraq 200 nəfərlik də iş yerinin yaradılması nəzərdə tutulur.

İlkin mərhələdə bu müəssisələrdə istehsal edilən məhsullar daxili bazarın təlabatının ödənilməsinə yönəldiləcək, növbəti mərhələdən etibarən Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran və s. ölkələrə ixrac ediləcək.

Bundan başqa qeyd edim ki, bu il Sumqayıt Kimya Sənaye Parkında daha bir neçə müəssisənin də fəaliyyətə başlaması planlaşdırılır. Fəaliyyətə başlayacaq müəssisələr alüminium təbəqəli vərəqə güzgü, inşaat materialların və aqro-sənaye məhsullarının qablaşdırılması üzrə karton kağız, mühərrik və sənaye yağlarının təkrar emalı ilə baza yağlarının və s. məhsulların istehsalı ilə məşğul olacaqlar".