Vergi güzəştlərinin müddəti uzadılır

15:58 - 25.12.2023


25 dekabr, Fineko/abc.az. Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi məqsədilə hazırlanan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanun layihəsi və onunla əlaqəli olan digər normativ hüquqi akt layihələri Milli Məclis tərəfindən 3-cü oxunuşda qəbul edilib. Ötən illərdə olduğu kimi, bu dəfə də Vergi Məcəlləsində edilmiş dəyişikliklərin əsas hədəf istiqamətləri sahibkarlıq fəaliyyəti subyektlərinin vergi yükünün optimallaşdırılması, sahibkarlıq fəaliyyətinin təşviqi, sosial xarakterli vergi güzəştləri ilə əhalinin vergi yükünün azaldılması, “kölgə iqtisadiyyatı”na qarşı mübarizə tədbirlərinin təkmilləşdirilməsidir.

ABC.AZ xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti dəyişikliklər və onların əsaslandırılmasını hissə-hissə ictimaiyyətin diqqətinə təqdim edir.

Sahibkarlıq subyektlərinin vergi yükünün azaldılması və sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində mühüm dəyişikliklərdən biri 2024-cü ildə müddəti bitən vergi güzəştlərinin vaxtının uzadılması ilə bağlıdır. Belə ki, Vergi Məcəlləsində nəzərdə tutulan bir sıra vergi güzəştlərinin tətbiqi müddəti 2024-cü il yanvarın 1-də başa çatır. Kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə tətbiq olunan güzəştlərin də bu siyahıya daxil olduğunu, aqrar sektorun ərzaq təhlükəsizliyi və məşğulluğun təmin edilməsində mühüm rolunu nəzərə alaraq, bu sahə üzrə güzəştlər daha 3 il müddətinə uzadılır.