Taleh Kazımovun imzası ilə yeni 1 manatlıqlar tədavülə buraxılıb

14:54 - 18.09.2023


18 sentyabr, Fineko/abc.az. Mərkəzi Bankın sədri Taleh Tahir oğlu Kazımovun imzasının əks olunduğu yenilənmiş 1 manatlıq kağız pul nişanları 18 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə ABC.AZ-a Mərkəzi Bankdan bildirilib. Məlumata görə, imza banknotun ön tərəfindən sol yuxarı küncdə təsvir edilib. Həmçinin kağız pul nişanının üzərində “2023” istehsal ili əks etdirilib.

Yenilənmiş 1 manatlığın digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı kağız pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd edək ki, yenilənmiş 1 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq. Banknotun ön və arxa tərəfinin təsvirləri əlavə olunur.