Region valyutaları dəyər itiririr

10:18 - 23.06.2023


23 iyun, Fineko/abc.az. Region valyutaları dəyər itirməkdədir. Son 1 ayda dollara nisbətən Türkiyə lirəsi 18,7 faiz, Rusiya rublu 5,9 faiz, Gürcüstan larisi 3,1 faiz, Qazaxıstan təngəsi isə 1,2 faiz ucuzlaşıb. ABŞ valyutasının qlobal bazarda güclənməsi region valyutalarına da təsirsiz ötüşmür.

ABC.AZ xəbər verir ki, bunu deputat və iqtisadçı Vüqar Bayramov deyib.

O bildirib ki, region valyutalarının ucuzlaşması fonunda istehlak bazarlarında da qiymət artımları müşahidə olunur. Rusiya rəsmi statistikasında şimal qonşumuzda inflyasiya səngiməsi görünsə də, rublun ucuzlaşması idxal olunan malların qiymətinə təsirsiz ötüşmür. Türkiyədə isə inflyasiya ilə mübarizə əsas hədəf olaraq qalmaqdadır.

Tədiyə balansında profisit və əsas tərəfdaş ölkələrdə kursun dəyişməsi manatın nominal effektiv məzənnəsini bu ilin 5 ayında 5,1 faiz möhkəmləndirib. Qeyd edək ki, tədiyə balansındakı profisitin əsas səbəbi enerji məhsullarının ixracatıdır. Qeyri-neft ixracatı üzrə əsas tərəfdaşlarımızda milli valyutaların ucuzlaşması isə Azərbaycanın enerjidən kənar məhsullarının həmin ölkələrdə bahalaşmasına səbəb olur.