Banklardakı vaxtı keçmiş kreditlərin payı artacaq

10:05 - 12.06.2023


12 iyun, Fineko/abc.az. 2023-cü ildə Azərbaycan banklarının ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin payı mülayim şəkildə 3,5-4 %-ə qədər artacaq.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın suveren kredit reytinqlərinin təsdiqi ilə bağlı hesabatında deyilir.

“Azərbaycanın bank sistemi ümumilikdə sabitdir, vaxtı keçmiş kreditlərin payı isə 2022-ci ilin sonunda 2,9 % olub”, - agentlik qeyd edir.

Bununla belə, S&P analitiklərinin fikrincə, maliyyə sektoru kiçik olaraq qalır, ümumi aktivlər ÜDM-in 50 %-dən azdır və bu, dövlət üçün şərti öhdəliklərin mümkün risklərini məhdudlaşdırır.

“Bununla belə, Azərbaycanın bank sistemi qalmaqda olan bir sıra struktur zəifliyi, o cümlədən son dövrlərdəki azalmaya baxmayaraq, depozitlərin dollarlaşmasının hələ də yüksək səviyyədə olması; beynəlxalq kontekstdə zəif idarəetmə və şəffaflıq; kreditləşmə və anderraytinq standartlarının yumşaldılması ilə xarakterizə olunur”, - agentlik vurğulayıb.