Azərbaycanda İslam bankçılğınln tətbiqinə başlanılır?

15:57 - 2.03.2023


2 mart, Fineko/abc.az. Azərbaycanda İslam bankçılığının tətbiqi ilə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsinə ehtiyac var.

ABC.AZ xəbər verir ki, bununla bağlı "Azərbaycanda alternativ maliyyə və islam bankçılığı üzrə ehtiyacların qiymətləndirilməsi" layihəsi çərçivəsində aparılmış sorğunun hesabatında vurğulanıb.

Hesabata görə, bu dəyişiklik fəaliyyətdə olan bankalara İslam bankçılığının məhsullarını təqdim etməyə imkan verməlidir.

"Dəyişikliklər özündə İslam banklarına dair tələbləri, İslam maliyyələşdirilməsi üzrə fəaliyyət göstərəcək Şuranın (Şəriət Şurasının) formalaşma prinsiplərini, hüquq və öhdəlikləri, İslam banklarının fəaliyyət çərçivəsi, İslam bankalarının məhsul və xidmətlərinin çeşidi, xüsusiyyətləri, ənənəvi bankların İslam bankına çevrilməsi mexanizmlərini ehtiva etməlidir. Bununla yanaşı, İslam bankçılığının ilkin dövrlərində əhalinin əmanətlərini bu maliyyə institutlarına cəlb etmək üçün 5 il ərzində gəlir və divident vergilərindən güzəştli azadolma tətbiq etmək təklif edilir. İslam banklarının sərbəst fəaliyyəti üçün birgə müəssisələrin təşkili, birgə fəaliyyət üzrə öhdəliklərin formalaşması, payda iştirak və əldə olunan dividentlər üzrə gəlirlərin vergiyə cəlbi istiqamətində islahatlar aparmaq təklif edilir", - deyə vurğulanıb.