Azərbaycanda uşaqlar ölkənin gəlir səviyyəsinə görə aşağı səhiyyə xidməti alırlar - Dünya Bankı rəsmisi

10:39 - 24.02.2023


24 fevral, Fineko/abc.az. Bu gün doğulan azərbaycanlı uşaqlar 18 yaşa qədər potensial məhsuldarlığının yalnız 58 faizinə nail ola biləcək.

ABC.AZ xəbər verir ki, bunu Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə İnsan İnkişafı üzrə Direktoru Fadia Saadah bildirib.

O qeyd edib ki, Azərbaycanda uşaq və yeniyetmələr ölkənin gəlir səviyyəsinə münasibətdə nisbətən zəif sağlamlıq və aşağı öyrənmə nəticələrinə malikdirlər.

"Bu da onların gələcəkdə daha aşağı məhsuldarlıq  nümayiş etdirməsinə səbəb olur. Yeni təhlil bəzi ciddi nəticələrə gəlir. Yəni, 4 yaşında təhsilə başlayan uşaqlar 18 yaşında cəmi 8,3 illə bərabər faktiki öyrənmə müddətinə malik olurlar. Bu gün doğulan uşaqlar orta hesabla yalnız 0,9 il ali təhsil alacaqlarını gözləyə bilərlər. Bu arada qeyri-infeksion xəstəliklərdən 30-70 yaş arasında ölmə ehtimalı çox yüksək olaraq 22 faizə çatır. Azərbaycan gələcəkdə vəziyyəti bir çox yolla yaxşılaşdıra bilər. Keyfiyyətli təhsilə bərabər çıxışın, ən yoxsul və həssas əhali qrupları üçün səhiyyə, sosial müdafiə və məşğulluq xidmətlərinin təmin edilməsi vətəndaşların və icmaların tam potensiallarına çatmasını təmin etmək üçün ölkəni doğru istiqamətə yönəltməyə kömək edəcək”, - deyə Fadia Saadah bildirib.

Müəllif: Elmir Murad