Azərbaycanda 123 nəfər vəzifəli şəxs cərimələndi

10:46 - 14.02.2023


14 fevral, Fineko/abc.az. Maliyyə Nazirliyinin bəzi qurumlarda aşkarladığı nöqsanlar barədə materialları Dövlət Təhlükəsizlik Xidmətinə göndərməsi ilə yanaşı, yoxlamalar zamanı bir sıra məqamlar da ortaya çıxıb.

ABC.AZ xəbər verir ki, yoxlamalar zamanı nəzarət obyektlərində, - yoxlama materialları hüquqi qiymət verilməsi üçün prokurorluq və hüquq mühafizə orqanlarına göndərilən nəzarət obyektləri istisna olmaqla, - nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 410.1 və 410.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar törətdiklərinə görə 123 nəfər vəzifəli şəxsə 91,5 min manat məbləğində cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Dövlət Maliyyə Nəzarəti Xidmətinin mərkəzi aparatı və regional maliyyə müfəttişlikləri tərəfindən hesabat dövründə aparılmış nəzarət tədbirləri nəticəsində aşkar olunan nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində səlahiyyətləri daxilində tədbirlər görülməsi üçün həmin təşkilatların tabe olduqları mərkəzi icra hakimiyyəti və müvafiq yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib, müvafiq tövsiyələr verilib.