Nazirlik artıq qalmış vəsaiti 33 milyon 330,1 min manatı büdcəyə ödətdirdi

10:38 - 14.02.2023


14 fevral, Fineko/abc.az. Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyi bəzi təşkilatlarda aşkarlanan nöqsanlar barədə Dövlət Təhlükəsizlik Xidmətinə materiallar göndərib.

ABC.AZ xəbər verir ki, vətəndaş müraciətinə əsasən 4 təşkilatda müraciətdə göstərilənlər yoxlanılıb, cəmi 64,4 min manat məbləğində artıq və əsassız ödənişlərə yol verildiyi aşkarlanıb və yoxlamalarla aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi üçün yoxlamaların nəticələri üzrə tərtib edilmiş sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Hesabat dövründə Dövlət Maliyyə Nəzarəti Xidmətinin fəaliyyətinin əsas hissəsi Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq mühafizə orqanlarının nəzarət tədbirlərinin aparılması barədə daxil olmuş xeyli sayda məktub və qərarlarının icrası ilə əlaqədar olub. Belə ki, prokurorluq və hüquq mühafizə orqanlarının məktublarına və qərarlarına əsasən 110 təşkilatda aparılmış yoxlamalarla aşkar olunmuş 220 milyon 564,9 min manat məbləğində artıq və əsassız ödənişlərin 33 milyon 330,1 min manatının təqsirkar şəxslər tərəfindən dövlət büdcəsinə ödənilməsi təmin olunub və aşkar edilmiş nöqsanlara hüquqi qiymət verilməsi, artıq ödənilmiş vəsaitlərin tam həcmdə dövlət büdcəsinə bərpası ilə bağlı müvafiq sənədlər aidiyyəti üzrə prokurorluq və hüquq mühafizə orqanlarına göndərilib.

Müəllif: Elmir Murad