Bu hal inflyasiyanı təqribən 3% azaldır – Mərkəzi Bank

11:55 - 30.12.2022


30 dekabr, Fineko/abc.az. Yaranan yeni qlobal iqtisadi reallıqların ölkə iqtisadiyyatına təsirləri birtərəfli olmayıb. Bir tərəfdən yüksək qlobal əmtəə qiymətləri və daşınma-logistika xətlərində problemlərin artması Azərbaycanda da inflyasiya təzyiqlərini artırıb. Digər tərəfdən Azərbaycanın əsas ixrac məhsullarının bahalaşması ölkənin tədiyə balansına, valyuta bazarında tarazlığa və iqtisadi aktivliyə pozitiv təsir göstərib.

ABC.AZ xəbər verir ki, bu, Mərkəzi Bankın 2023-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında qeyd edilib.

Bəyanatda qeyd edilib ki, hesabat dövründə tədiyə balansının irihəcmli profisiti valyuta bazarında tarazlığa müsbət təsir edib ki, bu da qiymət sabitliyinin başlıca lövbərini - məzənnə sabitliyini dəstəkləyib.

2022-ci ilin 11 ayında manatın qeyri-neft ümumi ticarət çəkili nominal effektiv məzənnəsi 7.9% bahalaşıb ki, bu da inflyasiyaya məhdudlaşdırıcı təsir edib.

Təhlillər göstərir ki, nominal effektiv məzənnənin 10% bahalaşması inflyasiyanı təqribən 3% bəndi azaldır.