Banklar valyuta hərracında tələbi 7,5% artırıb

12:41 - 29.12.2022


29 dekabr, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatına görə, dekabrın 29-da keçirilən valyuta hərracında 63,4 mln. dollar satılıb ki, bu da ötən hərracdan 4,4 mln. dollar (7,46%) çoxdur. Dekabrın 27-də keçirilən hərracda Mərkəzi Bank banklara 59 milyon dollar məbləğində valyuta satıb.

"Valyuta hərracında bankların tələbi 63,4 milyon dollar təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında deyilir.

Hərrac sonunda manatın ortaçəkili məzənnəsi 1,7000 AZN / USD səviyyəsində formalaşıb.

2022-ci ilin dekabr ayında valyuta hərraclarında banklara 595,9 milyon dollar dəyərində valyuta satılıb ki, bu da 2021-ci ilin dekabr ayında satılandan 39,8% azdır. 2022-ci il ərzində valyuta hərraclarında 5186,2 milyon dollar dəyərində valyuta satılıb ki, bu da 2021-ci illə müqayisədə 22,5% azdır.

2021-ci ilin dekabr ayında 989,2 milyon dollar, 2021-ci ildə 6688,52 milyon dollar məbləğində valyuta satılmışdır.