Terminallardan debet kartlara mədaxil zamanı faiz tutulmağa başlanılıb?

11:25 - 31.03.2022


31 mart, Fineko/abc.az. Azərbaycanda ödəmə terminalları vasitəsilə bankların debet kartına mədaxil zamanı hər hansı komissiya tutulmurdu. Lakin iddialara görə, artıq ödəniş terminalları sözügedən əməliyyatlar zamanı müşəridən müəyyən faiz tutmağa başlayıb. Bununla bağlı sosial şəbəkələrdə də etirazlara rast gəlmək mümkündür.

ABC.AZ Ölkə.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı ölkənin aparıcı elektron ödəniş sistemləri "Komtec” Ltd (MilliÖn ticarət nişanı) və "Modenis” MMC (eManat) ilə əlaqə saxlanılıb.

"MilliÖn”dən bildirilib ki, yalnız "Azər-Türk Bank”ın debet kartlarına mədaxil zamanı məbləğin 0,6%-i həcmində komissiya tutulur. Faizin "MilliÖN” tərəfindən tutulduğu və bankla müqavilə əsasında müəyyənləşdirildiyi qeyd edilib. "eManat”ın Marketinq və ictimaiyyətlə əlaqələr şöbəsindən isə belə komissiyanın "Azər-Türk Bank”a məxsus debet kartları ilə əməliyyatlarda tutulduğu deyilib: "eManat” ödəmə sistemi vasitəsilə "Azər-Türk Bank” debet kartlarına mədaxil zamanı tutulacaq 1% komissiya bank tərəfindən razılaşdırılmış komissiyadır. Kredit və kredit kartı üzrə ödənişlər isə köhnə qaydada, müştərinin ödədiyi vəsaitdən heç bir komissiya tutulmadan banka göndəriləcək”, - deyə açıqlamada qeyd olunub.