11:16 - 3.11.2021
3 noyabr, Fineko/abc.az. Gələn ildən tibbi xidmətlərə görə ödənilən ƏDV-ni geri almaq mümkün olacaq.
ABC.AZ-ın məlumatına görə, bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Bundan əlavə, avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarına ödənilən ƏDV geri alınmayacaq.
Belə ki, 165.5-ci maddəyə təklif edilən dəyişikliyə görə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara habelə tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.