Səhiyyə Nazirliyi: İmmun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tösiyə edilir

16:27 - 11.08.2021


11 avgust, Fineko/abc.az. “Koronavirus əleyhinə vurulan peyvəndin iki dozası ömürlük immunitet yaratmır. Yəni zamanla öz effektini itirmiş olur. İki doza vaksin almış şəxslərdə əmələ gəlmiş immunitet, anti-cisimlər vaxt getdikcə daha azalır. Bu, immun sistemi zəif olan şəxslərdə daha tez azalır. Ona görə də, iki dozanı vurduran şəxslərə immun yaddaşını gücləndirmək üçün üçüncü dozanı vurdurmaq tösiyə edilir”.

ABC.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, yeni ştamlardan qorunmaq üçün immunitet bir daha gücləndirilməlidir: “İlk növbədə, səhiyyə işçilərinə bu dozanı vurdurmaq tövsiyə edilir. Çünki onlar daim koronaviruslu xəstələrlə təmasda olurlar. İkinci növbədə, yaşlı şəxslər, daha sonra xroniki xəstəliyi olanların bu dozanı qəbul etmələri məsləhətdir. Təbii ki, bu məcburi hal deyil. Burada heç bir iqtisadi maraq güdülməməlidir. Dünya təcrübəsi əsas götürülərək vətəndaşlara üçüncü dozanın vurulması məqsəduyğun hesab edilib”.