Elektron resept platforması istifadəyə verilib

12:27 - 4.05.2026


4 may, Fineko/abc.az. Əczaçılıq sektorunun rəqəmsallaşması tədbirləri çərçivəsində Elektron resept platforması istifadəyə verilib. Paralel olaraq, mərhələli şəkildə Təqib və İzləmə Sisteminin tətbiqinə başlanılıb.

ABC.AZ xəbər verir ki, bu fikirləri Səhiyyə Naziri Teymur Musayev “Azərbaycan Əczaçılıq Sənayesi: Dünən, Bu Gün və Sabah” II Beynəlxalq Konfransda çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ilkin mərhələdə psixotrop və güclü təsir edən dərman vasitələrinin izlənilməsi həyata keçirilib. Qısa müddət ərzində ölkə üzrə tibb müəssisələri, topdan və pərakəndə satış əczaçılıq müəssisələri Sistemə inteqrasiya olunaraq koordinasiyalı fəaliyyət təmin edilib:

“Sistemin başlıca vəzifəsi əhalinin sağlamlığının qorunması olmaqla yanaşı, nəzarət orqanları üçün effektiv nəzarət mexanizmi rolunu oynayır, sahibkarlar üçün biznes proseslərini asanlaşdırır, bununla da səhiyyə sistemində səmərəliliyi əhəmiyyətli dərəcədə artırır. Əczaçılıq sektorunda baş verən ardıcıl və sistemli islahat tədbirləri əczaçılıq təhsilinin təkmilləşdirilməsini, təhsil proqramlarının müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir.

“Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş Əczaçılıq təhsilinin İnkişaf Konsepsiyasına uyğun olaraq, Azərbaycan Tibb Universitetinin əczaçılıq fakültəsi əczaçılıq sahəsində respublikada aparıcı elmi tədqiqat mərkəzinə çevrilib. Elmi tədqiqat işlərinin aparılması məqsədilə “Əczaçılıq kimyası” kafedrasının nəzdində Azərbaycan Elm Fondunun dəstəyi ilə müasir əczaçılıq laboratoriyası qurulub. Əczaçılıq fakültəsi tələbələrinin tədris istehsalat təcrübəsinin keçirilməsi üçün respublikada fəaliyyət göstərən əczaçılıq müəssisələri tədris təcrübə bazaları kimi istifadə olunur”, - nazir vurğulayıb.