Azərbaycan Mərkəzi Bankı inflyasiyaya dair proqnozunu azaldıb

11:05 - 1.05.2024


1 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (aprel proqnozu: 2024-cü ilə 3,5 % və 2025-ci ilə 4,2 %) azaldıb.

ABC.AZ qurumun açıqlamasına istinadla xəbər verir ki, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü və 2025-ci illərdə illik inflyasiyanın hədəf daxilində (4±2 %) qalacağı gözlənilir. Apreldə 2024-cü ilə inflyasiya proqnozu azalma istiqamətində dəyişdirilib", - deyə AMB bəyan edib.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin martında 12 aylıq inflyasiya 0,4 %, 12 aylıq baza inflyasiya isə 1 % təşkil edib. İllik ərzaq deflyasiyası 1,1 %, qeyri-ərzaq inflyasiyası 1,1 %, xidmətlər inflyasiyası isə 2,2 % olub", - deyə açıqlamada qeyd olunub.