Azərbaycanda halal dərmanlar belə istehsal ediləcək - Açıqlama

16:14 - 20.11.2023


20 noyabr, Fineko/abc.az. “Halal dərman vasitələri dedikdə, sözügedən dövlət standartına cavab verən və həmin standarta uyğunluğu təsdiqləyən sertifikatı olan dərman vasitələri nəzərdə tutulur”.

ABC.AZ Report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Standartlaşdırma İnstitutunun Yüngül sənaye sahəsinin standartlaşdırılması şöbəsinin müdiri Sehranə Rzayeva deyib.

O bildirib ki, halal dərman tərkibində İslam qaydalarına uyğun olaraq icazə verilən inqrediyentləri olan əczaçılıq məhsullarıdır: “Bu növ dərmanlarda insan və ya heyvan mənşəli qan, haram hesab edilən heyvan mənşəli, eyni zamanda, digər halal olmayan komponentlərdən istifadə olunmur. Qeyd edim ki, standart həm ölkə daxilində istehsal olunan, həm də ölkəyə idxal edilən halal dərman vasitələrinə aid edilir”.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) AZS OIC/SMIIC 50-1:2023 “Halal dərman vasitələri – 1-ci hissə – ümumi tələblər” yeni dövlət standartını qəbul edib.